Cahiliyyə əxlaqının məşhur xəstəliyi: dedi-qodu
Dedi-qodu etmək Allah’ın haram buyurduğu davranışdır, dedi-qodu edənlər insanların arasını vurmaq, kin və qəzəbə səbəb olmaq və boş vaxt keçirmək kimi Allah’ın haram buyurduğu başqa günahları da etmiş olurlar…Bu, din əxlaqının yaşanmadığı cəmiyyətlərdə ən geniş yayılan davranışlardan biridir.
Belə cəmiyyətlərdəki insanlar vaxtları və imkanları olmasa da, dedi-qodu etmək üçün mütləq fürsət tapırlar. Bəzən qapı qarşısında qonşularla, bəzən də saatlarla telefon söhbətlərində bu mənzərəni görmək mümkündür. Özü də bu şəxslər dedi-qodudan böyük zövq alırlar. Çünki dedi-qodusu edilən insan hörmətdən salınıb-alçaldılarkən dedi-qodunu edənlər özlərini üstün göstərməyə çalışırlar. Buna görə də yığıncaqlarda danışa biləcəkləri bir çox faydalı və ya gözəl mövzu olduğu halda, onlar israrla bəzilərinin dedi-qodusunu edirlər. Qonşuları, dostları, qohumları, yoldaşları, tele-ulduzlar və hətta yoldan keçən insan belə bu dedi-qoduların mövzusu olur. İnsanın eşidəndə xoşlanmadığı söhbəti arxasınca danışmağın doğru olmadığını hər insan bilir. Dedi-qodu edən insan da daxil olmaqla, heç kim bunun əksini iddia edə bilməz. Çünki həqiqətən, tənqidi mövzu varsa və bu mövzu o insana kömək etmək məqsədilə danışılırsa, ən doğru hərəkət bu vəziyyəti həmin şəxsə bildirməkdir. Yoxsa hər kəslə vəziyyətin müzakirə edilməsində və qınanan insanın vəziyyətdən xəbərdar edilməməsində yaxşı niyyət yoxdur. Üstəlik, dedi-qodu edən insanlar həmin davranışın onlara qarşı da edilmə ehtimalının olduğunu bilər və bundan heç xoşlanmazlar. Özləri haqqında mənfi danışılmasına çox həssaslıq göstərərkən, başqalarına qarşı etdikləri bu çirkin rəftardan imtina etməzlər. Uca Allah Quranda insanları qeybət etməkdən çəkindirmiş və bunun Quran əxlaqına uyğun olmadığını belə bildirmişdir:
“Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allah’dan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir.” (Hucurat surəsi, 12)
Allah’ın Quranda bildirdiyi əmrə müvafiq olaraq Allah qorxusu olan möminlər əsla bir-birlərinin arxasınca danışıb qeybət etməzlər. Sevginin və dostluğun əhəmiyyətli əlamətlərindən birinin qarşılarındakı insana dünyada və axirətdə fayda verəcək şəkildə hərəkət etmək olduğunu bilərlər. Bu vəziyyətdə də əgər yanlış rəftar görərlərsə, onun səhvini anlaması və bu səhvdən imtina etməsi üçün bunu həmin insana söyləyərlər.
Uca Rəbbimiz bir-birlərinin dedi-qodusunu edən, tənə vuran insanları bir ayəsində belə xəbərdar edir:
“Hər bir qeybət edənin, tənə vuranın vay halına!” (Huməzə surəsi, 1)
Quran əxlaqından uzaq yaşayan insanlar arasında normal qarşılanan dedi-qodu görməzlikdən gəlinən bir davranış deyil. Çünki dedi-qodu etməyi vərdiş halına gətirən insanın vicdanı hiss etmədən elə korlaşır ki, insan artıq bunun günah olduğunu belə hiss etməməyə başlayır və çəkinmədən, hər fürsətdə dedi-qodu edir. Şübhəsiz, bu, şeytanın iman gətirməyən insanları sürüklədiyi böyük bəladır. Dedi-qodunun gətirdiyi nəticələrdən biri də insanlar arasında dedi-qodu ilə düşmənçilik toxumunun səpilməsidir. Dedi-qodu kini, qəzəbi və nifrəti alovlandırır. Çox kiçik mövzular dedi-qodu səbəbindən qarşısıalınmaz problemlərin, mübahisə və münaqişələrin ortaya çıxmasına gətirib çıxarır. Hətta qəzetlərdə də dedi-qoduya görə ailələrin dağılmasına və cinayətlərə dair xəbərlərə rast gəlirik.
Dedi-qodu etmək çox pis əxlaq xüsusiyyəti olduğu kimi, eyni zamanda da insanların vaxtlarının boş və məqsədsiz keçməsinə səbəb olur. Halbuki, sonsuz hökm və hikmət sahibi olan Allah Quranda dedi-qodunu qadağan etdiyi kimi, boş vaxt keçirməyi də qadağan etmişdir. Uca Allah’a səmimi olaraq inanan insan dedi-qodu etməz və dedi-qodu edəni dinləməz, boş və ya faydasız olan bir söz eşidəndə isə o mühitdən ən gözəl tərzdə uzaqlaşar. Rəbbimiz bir Quran ayəsində belə buyurur:
“Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə (oradan) ləyaqətlə ötüb keçərlər.” (Furqan surəsi, 72)
|