Duyğusallığın nəticəsi
Duyğusal insanların vəziyyətini televiziya qarşısında film seyr edən bir şəxsin ağlamasına bənzədə bilərik. Bu insan reallıqdan o qədər uzaqlaşmışdır ki, filmdə oynadığı rola görə pul alan, hətta bəlkə də həyatda hər cür pis əxlaqı üzərində daşıyan bir insanın filmdəki roluna görə əziyyət çəkdiyi üçün ona kədərlənə, hətta ağlaya bilər. Ağıllı insanın əsla düşməyəcəyi bu vəziyyət romantik zehniyyətin insanı reallıqdan necə qopardığını, nə qədər qeyri-sağlam düşüncəyə apardığını açıq göstərir. Bu yanlış dünyagörüş gündəlik həyatda yaşanan hadisələrə də təsir edir.
Duyğusal insanların əksəriyyətinin əli-qolu bağlı oturan, yalnız ağlamaqla kifayətlənən, şikayətlənən, amma bu şikayətlənmələri, narahatlıqları yalnız sözdə qalan insan olduqlarının şahidi oluruq. Məsələn, bir yaxınının qəzaya düşdüyü xəbəri gəlir, bunda mütləq bir xeyir olduğunu, sonra da necə kömək edə biləcəyini düşünmək əvəzinə, ağlamağa başlayır və huşunu itirir. Sağlamlıqla bağlı lazım olan tədbirlər alınmışdırmı, həkim, dərman, vəziyyəti necədir kimi sual vermək və necə yardım edə biləcəyini öyrənmək əvəzinə, özü təsəlliyə, köməyə möhtac vəziyyətə düşür.

Nümunələrini daha da çoxalda biləcəyimiz duyğusal insanların göstərdikləri bu məntiqsiz, ağılsız reaksiyalar həyati baxımdan ciddi nəticələr meydana gətirə bilər. Göründüyü kimi, romantik insanlar ağıllı nəticələr çıxaran, insanları istiqamətləndirən deyil, daim nəzarətdə olan, himayə olunan, başqalarına yük olan insanlardır. Allah Quranda belə buyurur:
"Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; Onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi? " (Nəhl surəsi, 76)
Möminlər hadisələrə duyğusal deyil, ağılla reaksiya verir, yəni ən doğru olanı edirlər. Yaşadıqları hər hadisənin Allah’ın təqdiri ilə baş verdiyini bildiklərinə və Allah’ın özləri üçün dilədiyindən başqa heç bir şeyə güclərinin çatmayacağının anladıqlarına görə bunun təslimiyyəti və rahatlığını yaşayırlar. Gözlənilməz reaksiya vermir, əsla ümidsizliyə qapılmır, pessimist olmurlar. Yolunda getməyən kimi görünən hadisələri belə Allah’ın özləri üçün bir gözəllik olaraq yaratdığını dərk edirlər. Duyğusallığın təhlükəli istiqamətlərindən biri də bu insana səhvləri izah ediləndə, bunu qətiyyən qəbul etməməsi, hətta belə bir ehtimalı dinləməyi də ən başdan rədd etməsidir. Duyğusal bir insan kənardan gələn hər cür fikrə elə bağlıdır ki, dərhal haqsızlığa məruz qaldığı hissinə qapılaraq ya kədərlənib ağlamaya başlayar, ya da küsüb bir kənara çəkilər. Bu baxımdan, romantik bir şəxsi tənqid etmək, ona bir şeyi xatırlatmaq, tövsiyə etmək belə mümkün deyil.
Duyğusallıq insanlara küsəyən xarakter qazandırır. Bunun nəticəsində bu insanlar hər deyilən sözün altında özlərinə bir mesaj olduğunu düşünərək, çox fərqli və şişirdilmiş nəticələr çıxara bilirlər. Heç bir izah vermədən uzun müddət danışmamaq, üzünü turşutmaq, salamlaşmamaq kimi etiraz üsullarından istifadə edə bilirlər. Real düşünə bilmədiklərindən, ya da həqiqətlə üz-üzə gəlməkdən çəkindikləri üçün onları tənqid edib düzəltmək də mümkün deyil. Əvvəl də ifadə etdiyimiz kimi, bu zehniyyətdəki insanlar onlara deyilən hər sözü ya özlərinə edilmiş bir haqsızlıq olaraq qiymətləndirirlər, ya da ümidsizliyə qapılırlar. Belə ki, Allah bədbəxtliyi seçən bu cür insanlardan bir ayədə belə bəhs edir:
"Allah’dan 'qorxanlar ' öyüd-nəsihət götürərlər. 'Ən bədbəxt ' qulaqardına vurarlar. ". (Əla surəsi, 10-11)
Nəticədə, ağıllarından istifadə edə bilmədikləri üçün duyğularının təsiri altına düşən və buna görə gündən-günə ağılları daha da örtülən insanların, bu hallarından təmizlənmədikcə dini qavramaları və yaşamaları mümkün deyil. Çünki Peyğəmbərimiz (s.ə.v.) "Ağılı olmayanın dini yoxdur" demişdir. Duyğusal, ağılsız bir insan sağlam mühakimə yürütmək qabiliyyətindən, tutarlı bir məntiqdən məhrumdur. Mömin üçün çox açıq olan bir mövzuda ziddiyyətlərə düşür. Vəsvəsələrlə boğuşur. Təmiz ağıl sahibləri üçün bir öyüd olan Quranı anlaya bilmir, ondan öyüd almır, Allah’ı təqdir edə bilmir, özünün ətrafında, kainatda baş verən hadisələrin yaradılış hikmətlərini, dünyanın, cənnətin, cəhənnəmin yaranma səbəblərini qavraya bilmir. Allah’dan başqa ilah olmamasının nə demək olduğunu anlaya bilmir. Hər fikri, hər düşüncəsi, hər məqsədi, hər niyyəti, hər davranışı özünü bir şirkdən başqa şirkə sürükləyir. Bu, şeytanın insanları Allah’ın yolundan sapdırma üsullarından biridir. Allah’ın bu ayələrini bilərək şeytanın vəsvəsələrindən üz çevirən, bu səbəbdən duyğularının təsirinə qapılmadan ağlını istifadə edən bir insan həqiqətləri dəqiq və aydın görür, ona görə hərəkət edir. Duyğusal və ağılı örtülmüş bir şəxsin öhdəsindən gələ bilmədiyi, çox kompleks, ziddiyyətli, açıqlanması mümkün olmayan kimi gördüyü mövzular ağıllı bir möminin gözündə çox asan, açıq, dəqiq və sadədir. |