Kainatdakı bütün varlıqların Allah'ın nəzarəti altında olduğunu, Onun daim ən gözəl və ən xeyirli olanı təqdir edəcəyini bilən şəxslər həmişə təvəkküllü davranırlar.
Allah'ın hər şeyi qədərində xeyir və hikmətlə yaratdığını bilir, hər işində bundan qaynaqlanan hüzurla, dünyəvi ehtirasa qapılmadan hərəkət edirlər. Bir ayədə Allah belə buyurur:
"Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz." (Bəqərə surəsi, 216)
İnsan hər vəziyyətdə Allah'ın özünə bəxş etdiyi nemətlərə şükür etməlidir. Hətta imtahanın gərəyi olaraq ruzisi azalsa belə, buna davam etməlidir. Heç vaxt sahib olmadıqlarını əldə etmək üçün həvəs göstərməməli, sahib olduqlarına da hərisliklə bağlanmayıb xeyir işlər üçün istifadə etməlidir. Bu həqiqətləri qavraya bilməyən insanlar isə dünyanın keçici həvəslərinə aldanaraq özlərinə zülm edirlər. Hadisələrin Allah'dan müstəqil olaraq reallaşdığını zənn etdikləri üçün bunlara müdaxilə edə bilməyin yollarını axtarırlar.  Əllərindən çıxanlara yenidən sahib ola bilmək üçün hər dəfə daha böyük ehtirasla mübarizə aparırlar. Belə insanlar istəklərinə çata bilmədikdə çox kədərli və stress içində olurlar. Fiziki və ruhi cəhətdən də çox zərər çəkirlər. Hətta içlərindəki bu sıxıntılardan xilas ola bilmək üçün nəticəsi olmayacaq işlər görməyə başlayırlar. Halbuki, bu etdikləri ilə rahat və xoşbəxt olmaları mümkün deyil. Çünki Allah'ın bir ayədə " O kəslər ki, Allah’a iman gətirmiş və qəlbləri Allah’ı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allah’ı zikr etməklə aram tapar!" (Rəd surəsi, 28) sözləri ilə bildirdiyi kimi, insan ancaq Rəbbimizə təslim olmaqla hüzur tapa bilər.
Allah insanlara dünya həyatının çətinliklərindən xilas olmağın və əsl xoşbəxtliyi yaşamağın yolunu göstərdiyi halda, bilə-bilə bundan üz çevirənlər yalnız "öz-özlərinə zülm"edirlər. Allah bu insanların vəziyyətini bir ayədə belə bildirir:
"Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər." (Yunus surəsi, 44)
İnsan bilərək və ya bilməyərək bunları mənimsəyib həyatını boş işlərlə keçirə bilər. Ancaq bu çıxılmaz və geri dönüşü olmayan bir hadisə deyil.
Mühüm olan hər an reallaşa biləcək ölümlə qarşılaşmadan əvvəl yanlış yolda olduğunu qavraması, tövbə etməsi və Rəbbimizin bildirdiyi gözəl əxlaqı yaşamağa çalışmasıdır. Unudulmamalıdır ki, Allah tövbələri qəbul edən və bağışlayandır:
"Hər kim haqsızlıq etdikdən sonra tövbə edib (əməllərini) islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir." (Maidə surəsi, 39) |