Qısqanc insanlar başqalarının yaxşılığından, gözəlliyindən, ya da müvəffəqiyyətindən zövq almaq, xoşbəxt olmaq əvəzinə, bunlardan sıxılırlar. Qısqandıqları insanların sahib olduqları nemətlər onları bədbinləşdirir və daxilən əzab verir. Bu qısqanclıq onları qarşısındakı insanlara zərər verməyə qədər apara bilər. Allah Quranda möminlərin, "həsəd aparanın şərrindən Allah’a sığınmalarını " bildirir:
De:
'Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən, çökən zülmətin şərindən, düyünlərə üfürən (cadugər) qadınların şərindən və həsəd aparan zaman paxılın şərindən! ' (Fələq surəsi, 1-5)
Möminlər isə cahil insanların öyündükləri bu xüsusiyyətin əslində çirkin bir davranış olduğunu bilirlər. Qısqanclığın əksinə bir-birlərinin gözəl xüsusiyyətləri ilə fəxr edir, bir-birlərinin yaxşılığı, gözəlliyi üçün Allah’a dua edirlər. Onsuz da Quranı bilən və yaşayan bir insan üçün bunun əksi düşünülə bilməz. Lakin buna baxmayaraq, iman gətirdiklərini söylədikləri halda, bu əxlaqı lazımi şəkildə yaşaya bilməyən şəxslər də var.
Bu şəxslər cahil cəmiyyətlərdə olduğu kimi qısqanclığı məqbul görmür və bu əxlaqı müdafiə etmirlər. Ancaq bəzən nəfslərinin bu mövzudakı təlqinlərinə qapıla bilirlər. Bəzən də müəyyən zamanlarda bu hissləri yaşamağın Qurana zidd olmayacağını düşünərək özlərini aldadırlar. Məsələn, Qurana uyğun bir istək olaraq, möminlər arasında sevgi, dostluq, etibarlılıq kimi mövzularda ən öndə olmaq istəyərlər. Əgər başqa biri özündən daha gözəl əxlaq göstərə bilirsə, bu zaman onunla fəxr etməli və ona ancaq qibtə gözü ilə baxmalıdırlar. Qısqanclığın mömin əxlaqında yeri yoxdur.
Əslində bu insanların hər biri din əxlaqını yaxından tanıdıqları üçün yaxşı ilə pisi, doğru ilə yanlışı çox açıq şəkildə ayırd edə biləcək bir anlayışa sahibdirlər. Quran ayələri və vicdanları nəyin qısqanclıqdan, nəyin isə halal istəklərdən qaynaqlandığını onlara göstərir. Buna baxmayaraq, öz-özlərini aldadırlar. Özlərini aldadarkən istifadə etdikləri üsullar isə tamamilə Allah'a qarşı səmimiyyətsizliyə əsaslanır. Bu səmimiyyətsizlikləri səbəbindən də mömin əxlaqının hüzurunu yaşamaq əvəzinə, daxilən bu cahiliyyə əxlaqının çətinliyini yaşamaq məcburiyyətində qalırlar. Allah’ın onlara verdiyi nemətlərlə kifayətlənmək, bunlara şükür edib xoşbəxt ola bilmədikləri üçün əzab çəkirlər. Daxilən yaşanan bu gizli əzabdan xilas olmağın tək yolu isə nəfsi bütün pisliklərdən təmizləmək və hər şeyi Quran ayələri ilə qiymətləndirməkdir. Belə insan bütün gözəlliklərin, malın, mülkün əsl sahibinin Allah olduğunu, Rəbbimizin bütün bunları dünyada insanlara fərqli şəkillərdə verərək onların əxlaqlarını sınadığını biləcək. Artıq bu həqiqət üçün yaşadığına görə hər gözəllik özü üçün zövq alacağı bir nemətə çevriləcək. Allah bir ayəsində belə buyurur:
Allah’ın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allah’dan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir. (Nisa surəsi, 32)
Əlbəttə ki, hər insanın xüsusiyyətləri bir-birindən fərqlidir və hər şeyi təqdir edən, insana sahib olduğu bütün bunları verən, ona nemətlər bəxş edən aləmlərin Rəbbi Allah'dır. Həm çatışmazlıqlarımız, həm də üstün xüsusiyyətlərimiz dünya həyatındakı imtahanımızın bir hissəsidir. Çatışmazlıqlarımız Allah'a dua etməyimizə, qəlbən və səmimi olaraq cənnəti tələb edən insanlar olmağımıza gətirib çıxaracaq. Üstün xüsusiyyətlərimiz isə Rəbbimizə olan şükrümüzü artıracaq və nankorluqdan uzaqlaşaraq səy göstərməyimizi xatırladan nemətə çevriləcək. |