ROMANTİZMİN FİZİKİ TƏXRİBATLARI
Duyğusallıq, başqa sözlə desək, romantizm Allah'a iman gətirməməyin və Onun gücünü təqdir edə bilməməyin nəticəsində ortaya çıxır. Duyğusallıq insanda ruhi və mənəvi cəhətdən böyük fəlakətə gətirib çıxardığı kimi, fiziki olaraq da ciddi təxribat yaradır. Bunların başında insanın gizlədə bilmədiyi, hər kəs tərəfindən müşahidə edilə bilən fiziki dəyişikliklər gəlir. Çünki ruhən yaşanan narahatlıqlar, gərginliklər, kədərlər təbii olaraq insanın xarici görünüşünə də təsir edir. Üz əzələləri, baxışları, mimikaları, əl və qol hərəkətləri, səs tonları bu insanların hər baxımdan duyğusallığın təsiri altında olduqlarını hiss etdirir. Duyğusal insanlarda "psixosomatik" xəstəliklərin, yəni ruhi problemlərin gətirib çıxardığı fiziki pozuqluqların hamısına rast gəlinə bilər. Bədənin fiziki müqaviməti qırılaraq gücdən düşür. Bunun nəticəsində immunitet sistemi zəifləyir və bir-birinin ardınca xəstəliklərə tutulur və ya mövcud bir xəstəlikdən sağalma müddəti uzanır. Xəstəliklərlə bərabər saç tökülməsi, ağarması, dərinin nəminin çəkilərək quruması, qalınlaşması, elastikliyini itirərək qırışması, çatlaması, bunun nəticəsində hər cür infeksiyaya yoluxması, hüceyrələrin yenilənməsi gecikdiyi üçün dərinin pis görünüş alması, rəngin solğunlaşaraq üzün saralması, gözlərin solğunlaşması kimi daha bir çox dəyişikliklər də baş verir. Bu səbəbdən də hər şeyi problem edən romantik, kədərlənməyə meyilli insanlar tez yaşlanırlar. İllərlə, günün hər anında davam edən bu gərginliyə, duyğusal fırtınalara, ruhi dalğalanmalara bədənlərinin gücü çatmır. Bunun nəticəsində də yaşlılıq əlamətləri görünür və fiziki qüsurlar meydana gəlir.
Romantikliyin insana fiziki olaraq verdiyi zərərlər bununla bitmir. İnsanın daxilindəki qaranlıq və hüzün üzünə və rəftarlarına da əks olunduğundan bütün hərəkətliliyi, canlılığı, həyat sevinci, şövqü, gözəlliyi ciddi şəkildə azalır.
Bundan başqa, bədənlərindəki bu dəyişikliklər qarşısında dünyanın keçici bir yer olduğunu, nə qədər aciz olduqlarını düşünmək və Allah’a təslim olub iman gətirmək əvəzinə, yaşadıqları bu kabusu daha da şiddətləndirirlər.
Yaşlanmanın, xəstələnmənin də özlərinə xeyirli olan istiqamətlərini görə bilmədikləri üçün bu vəziyyətləri əhvallarını pozan, həmişə ağıllarından çıxmayan bir narahatlığa çevrilir.
Bu sonsuz dövr nəticəsində bədənlərinin gücü çatmayacağı bir yükün altına girirlər. Belə ki, həkimlər bir çox xəstəliyin səbəbini kədər, çətinlik, stress olaraq açıqlayarkən, tək qurtuluş yolu olaraq da yüksək əhval-ruhiyyəni və sevinci təklif edirlər. Stress və depressiyaya bağlı olaraq yuxu və nizamsız qidalanma, təzyiq xəstəliyi, mədə, böyrək, ürək kimi daxili orqanlarda ortaya çıxan müxtəlif xəstəliklər, astma kimi tənəffüs yollarının pozuqluqları, allergiya, sədəf kimi dəri xəstəlikləri, miqren, xərçəng və daha bir çox problemin psixoloji qaynaqlı olduğu təsbit edilmişdir. Bədənin stress qarşısında reaksiyasının nəticəsi olaraq biokimyəvi reaksiyalar başlayır, enerji itkisi maksimum səviyyəyə çıxır. Bu stress halının davamlılığında isə bədən funksiyalarını dəyişərək qeyri-stabil vəziyyətə düşür.
Stressin səbəb olduğu ağrılardan isə mütəxəssislər belə bəhs edirlər:
Stress və stressin yaratdığı gərginlik və ağrı arasında əlaqə var. Stressin səbəb olduğu gərginlik damarların daralmasına, başın müəyyən bölgələrinə gedən qan axınının pozulmasına və o bölgəyə gedən qanın xeyli azalmasına gətirib çıxarır. Digər tərəfdən bir toxumanın qansız qalması birbaşa ağrıya səbəb olur. Çünki bir tərəfdən gərgin toxumanın daha çox oksigenə ehtiyac duyması, digər tərəfdən toxumanın onsuz da qeyri-kafi qanla bəslənməsi xüsusi ağrı reseptorlarını xəbərdar edir. Bu vaxt adrenalin və noradrenalin kimi stress əsnasında sinir sisteminə təsir edən maddələr də ifraz olunur. Bunlar da birbaşa və ya bilvasitə olaraq əzələlərin gərginliyini artırır və sürətləndirir. Beləcə ağrı gərginliyə, gərginlik qayğıya, qayğı da ağrının şiddətlənməsinə yol açır. (Acar Baltaş, Zuhal Baltaş, Stres ve Başa Çıkma Yolları, Remzi Kitabevi, Haziran 1997, s. 162) Duyğusallıq əslində zənn edildiyi kimi insanın anadan olduğu andan sahib olduğu, ya da tərk edə bilməyəcəyi xüsusiyyət deyil. Bu, insan şüurlu, ya da şüursuz təlqinlərlə meydana gəlir. İnsanın xüsusi olaraq əldə etdiyi duyğusallıq həm ətrafına qarşı vicdansızca rəftar, həm də Allah'ın Quranda xəbər verdiyi kimi insanın öz-özünə zülm etməsidir:
Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. (Yunus surəsi, 44) Romantizmin insanlara gətirdiyi böyük bir bəla olan kədər duyğusu ancaq imanın gətirdiyi təvəkkül və sevinclə aradan qalxar. Allah cənnətə gedən möminlərin bu şəkildə həmd etdiklərini bildirir:Onlar deyəcəklər: "Qəm-qüssəni bizdən uzaq edən Allah’a həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. (Fatir surəsi, 34)
|
|
|